Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üzrə danışıqların sentyabrın sonlarında bərpa oluna biləcəyi açıqlanıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “The New York Times” qəzetinə müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə aparılan danışıqlar Rusiyada keçiriləcək parlament seçkilərindən sonra yenidən gündəmə gələ bilər.
Budanov mümkün yeni danışıqlar raundunun sentyabrın sonunda keçirilə biləcəyini deyib. O, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərini də dialoqun bərpasına zəmin yarada biləcək amillərdən biri kimi göstərib.
Bununla yanaşı, ukraynalı rəsmi atəşkəs üçün real şərtlərin yalnız 2027-ci ilin yazında formalaşa biləcəyini düşünür.
Budanov müharibənin sonsuza qədər davam edə bilməyəcəyini vurğulayıb.
Məlumata görə, əvvəlki danışıqlardan sonra Rusiya tərəfi Ukrayna nümayəndə heyətinə dialoqun növbəti mərhələsini Moskvada davam etdirməyi də təklif edib.

