Şuşada sakinlər və şəhərin qonaqları üçün yeni mütaliə məkanı yaradılıb.
“Azercell Telekom” MMC tərəfindən Şuşanın mərkəzində istifadəyə verilən “Kitab dayanacağı” layihəsi şəhərin tarixi və ədəbi irsinin təbliğinə, eləcə də mütaliə imkanlarının artırılmasına xidmət edir.
Açıq hava kitabxanası formatında hazırlanan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “Aztelekom” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Bildirilib ki, “Kitab dayanacağı” Azercell-in ESG strategiyasına uyğun olaraq günəş enerjisi ilə fəaliyyət göstərir və ekoloji dayanıqlılıq prinsipləri nəzərə alınaraq hazırlanıb.
Yeni məkan sutkanın 24 saatı açıq olacaq. Şuşa sakinləri və şəhərə gələn qonaqlar burada təqdim olunan kitablardan sərbəst istifadə edə biləcəklər. Bundan əlavə, ziyarətçilər üçün ödənişsiz Wi-Fi xidməti və mobil cihazların enerji ilə təmin olunması üçün xüsusi doldurma məntəqələri yaradılıb.
Layihənin açılışı Vaqif Poeziya Günləri çərçivəsində keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və “Azercell Telekom” MMC-nin təmsilçiləri iştirak ediblər.
“Kitab dayanacağı”nın ilk ziyarətçisi xalq şairi Vahid Əziz olub.
Qeyd edək ki, yeni kitab məkanı Şuşanın Qarabağ küçəsində fəaliyyət göstərir.
Mənbə: Apa






