“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı araşdırma başlanılıb.
Xəbər Yerində xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə məlumat paylaşıb.
İlkin məlumata görə, Ziya Muradov Quba rayonunda 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə barədə məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı bildirilir.
Mərhumun bacısı Aytən Muradova bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gəlib.
Onun sözlərinə görə, ailə Ziya Muradovun ölümünün bəzi məqamlarını müəmmalı hesab edir və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.
Aytən Muradova qardaşının ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəbrin ekshumasiya olunmasını istədiklərini də deyib.
Baş Prokurorluğun məlumatına əsasən, hazırda Quba rayon prokurorluğunda Ziya Muradovun ölüm səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Araşdırma çərçivəsində hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün zəruri prosessual tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat əldə etmək üçün araşdırma davam etdirilir.

