Tramp BMT-yə FİFA prezidentini rəhbər görmək istəyir-İnfantinoya açıq dəstək

Tramp BMT-yə FİFA prezidentini rəhbər görmək istəyir-İnfantinoya açıq dəstək

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun BMT-nin növbəti baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir.

“The New York Post”un yaydığı məlumata görə, Tramp hesab edir ki, 56 yaşlı İnfantino beynəlxalq nüfuza malikdir və fərqli ölkələri bir araya gətirmək bacarığı ilə seçilir.

Nəşrin yazdığına görə, Trampla İnfantino arasında münasibətlər xüsusilə ABŞ-də keçirilən futbol üzrə dünya çempionatı zamanı daha da yaxınlaşıb. Ötən ilin dekabrında İsveçrədə anadan olan FIFA rəhbəri Trampa qurumun ilk Sülh Mükafatını təqdim etmişdi.

Hazırkı BMT baş katibi Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatır. Yeni baş katibin seçilməsi üçün namizəd əvvəlcə BMT Təhlükəsizlik Şurasının 15 üzvünün dəstəyini qazanmalıdır. Şuranın daimi üzvləri – ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa veto hüququna malikdir. Bundan sonra namizədin Baş Assambleya tərəfindən təsdiqlənməsi tələb olunur.

Hazırda əsas namizədlər sırasında Çilinin sabiq prezidenti Mişel Baçelet və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin adları hallanır. Bununla belə, Trampın İnfantinoya açıq dəstəyi seçki prosesində qüvvələr nisbətinə təsir göstərə biləcək mühüm amil kimi qiymətləndirilir.

Trampın qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bildirib ki, İnfantino böyük beynəlxalq təşkilatları idarə etmək üçün kifayət qədər təcrübəyə malikdir. Onun sözlərinə görə, FIFA-nın 200-dən çox üzv assosiasiyası var və İnfantino uzun illər ərzində mürəkkəb beynəlxalq strukturu uğurla idarə etdiyini sübut edib.

Qeyd edək ki, müxtəlif media məlumatlarına görə, hazırda FIFA prezidenti kimi ildə təxminən 6 milyon dollar qazanan Canni İnfantino BMT-yə rəhbər seçiləcəyi təqdirdə daha aşağı maaş alacaq.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir