Xəbər Yerində Operativmm-ə istinadən xəbər verir ki, Bakıda bu gün səhər saatlarında avtomobil yollarında əvvəlki günlərlə müqayisədə ciddi nəqliyyat sıxlığı müşahidə olunmayıb.
Paytaxt yollarındakı vəziyyəti əks etdirən görüntülərdən də avtomobillərin sayının əvvəlki günlərə nisbətən az olduğu görünür.
Sıxlığın azalmasına təsir edən amillərdən biri kimi ali təhsil müəssisələrində dərslərin distant formaya keçirilməsi göstərilir. Belə ki, “Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar sentyabrın 23-dən 25-dək Bakıda yerləşən ali təhsil müəssisələrində tədris onlayn formada təşkil olunur.
Bu qərar nəticəsində minlərlə tələbənin səhər saatlarında universitetlərə getmək üçün yollara çıxmaması paytaxtın nəqliyyat yükünün azalmasına təsir edib.
Metrodan ödənişsiz istifadə də mümkün olub
Bundan başqa, sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metro stansiyalarından bir sıra istiqamətlər üzrə ödənişsiz istifadə mümkündür.
Bu tədbirin də sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadəsinə və avtomobillərin sayının azalmasına təsir etdiyi müşahidə olunur.
Nəticədə bu gün səhər saatlarında Bakının bir sıra əsas yollarında əvvəlki günlərdə müşahidə olunan intensiv sıxlıq qeydə alınmayıb.
Paytaxt sakinlərinin bir qismi sosial şəbəkələrdə yaranmış vəziyyətlə bağlı müsbət fikirlərini bölüşərək bildiriblər ki, tətbiq olunan tədbirlər nəqliyyat sıxlığının azalmasına təsir göstərib. Bəzi istifadəçilər bu cür tədbirlərin digər günlərdə də tətbiq olunmasının mümkünlüyünü müzakirə ediblər.
Bakının səhər saatlarında yollarda yaranan vəziyyətini videoda təqdim edirik.

