Sentyabrın 2-də Meksikada sərnişin təyyarəsinin göyərtəsində powerbankın partlaması nəticəsində yanğın baş verib.
Hadisə Tapaçula şəhərindən Mexikoya uçan “Aeromexico” aviaşirkətinin AM371 reysində qeydə alınıb. Sərnişinə məxsus powerbank boş oturacağın üzərində olarkən qəfil partlayıb və ardınca salonda yanğın başlayıb.
Ekipaj üzvləri müdaxilə edərək alovu qısa müddətdə söndürüblər. Hadisəyə baxmayaraq, təyyarə uçuşunu davam etdirib və Mexikoya təhlükəsiz eniş edib.
Yanğın nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Təyyarə eniş etdikdən sonra zədələnmiş powerbank araşdırılması üçün mütəxəssislərə təhvil verilib.
Partlayışın konkret səbəbi hələ müəyyənləşdirilməyib. “Aeromexico” hadisədən sonra sərnişinləri təyyarədə litium batareyalardan istifadə və onların daşınması qaydalarına ciddi əməl etməyə çağırıb.

