“Uduş”, “hədiyyə”, “kampaniya” adı ilə pullarınızı oğurlayırlar – DİN

“Uduş”, “hədiyyə”, “kampaniya” adı ilə pullarınızı oğurlayırlar – DİN

Vətəndaşların bank hesablarına giriş əldə etmək və pullarını mənimsəmək üçün dələduzlar yeni üsullardan istifadə edirlər.

Xəbər Yerində xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də müxtəlif cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına dair məxfi məlumatlarını əldə etməyə çalışırlar.

Bəzi hallarda dələduzlar özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibindən ad, soyad, kartın son istifadə tarixi, CVV/CVC və mobil telefona göndərilən OTP kodunu tələb edirlər.

DİN xüsusi olaraq bildirir ki, bankların, dövlət və özəl qurumların əməkdaşları telefon, sosial şəbəkə və mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlardan bu cür məxfi məlumatları tələb etmirlər.

Nazirlik vətəndaşlara bank kartı və hesablarına dair məlumatları heç kimlə paylaşmamağı, tanımadıqları şəxslərin göndərdiyi linklərə daxil olmamağı və şübhəli saytlarda kart məlumatlarını yazmamağı tövsiyə edib.

Həmçinin “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olmaq, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını paylaşmamaq çağırılıb.

DİN qeyd edib ki, bu məlumatların ələ keçirilməsi nəticəsində vətəndaşın xəbəri və razılığı olmadan maliyyə əməliyyatları aparıla və hesabındakı vəsait mənimsənilə bilər.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşan şəxslər “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir