Ukrayna ordusunun Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar nəticəsində xəsarət alanların olduğu bildirilir.
Rusiya mətbuatının məlumatına görə, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Qubernatorun sözlərinə görə, Elektrostal və Noqinsk şəhərlərinə endirilən dron zərbələri nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb. Onlardan 2-si Noqinskdə, 24-ü isə Elektrostalda yaralanıb.
Vorobyov bildirib ki, hücum nəticəsində Noqinskdə yerləşən neft anbarında, eləcə də Elektrostaldakı Wildberries şirkətinin anbarında yanğın baş verib. Onun sözlərinə görə, hər iki obyektə Ukraynaya məxsus dronların düşməsi yanğına səbəb olub.
Qubernator qeyd edib ki, təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yerləşən doğum evi təxliyə olunub. Bütün pasiyentlər və tibb personalı operativ şəkildə digər tibb müəssisələrinə köçürülüb.
Andrey Vorobyov əlavə edib ki, ötən gecə Moskva vilayəti üzərində ümumilikdə 48 Ukrayna dronu hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Mənbə: Qafqazinfo

