“Meta” uşaqlar və yeniyetmələrin sosial media platformalarından istifadəsi ilə bağlı ABŞ-nin 29 ştatında aparılan məhkəmə prosesində razılaşmaya gedib.
Məhkəmə sənədlərinə əsasən, şirkətin razılaşma çərçivəsində 17 milyard dollara qədər ödəniş etməsi və gənc istifadəçilərin “Facebook” və “Instagram”da təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər görməsi nəzərdə tutulur.
Yeni qaydalara əsasən, yeniyetmələrin platformalarda keçirdiyi vaxta gündəlik limitlər tətbiq edilə, gecə saatlarında hesablara giriş məhdudlaşdırıla bilər. Məktəb vaxtı isə diqqəti yayındıran bildirişlərin deaktiv edilməsi planlaşdırılır.
Bundan başqa, yeniyetmələrin bədən görünüşünə mənfi təsir göstərə biləcəyi düşünülən bəzi kosmetik cərrahiyyə filtrlərinin istifadəsinin qarşısının alınması nəzərdə tutulur.
“Meta” ittihamları qəbul etmir
Razılaşma Kaliforniya və digər ştatların şirkətə qarşı irəli sürdüyü iddiaların ardından əldə olunub. “Meta”nın uşaqları platformalarda daha uzun müddət saxlamaq üçün asılılıq yaradan mexanizmlərdən istifadə etdiyi və 13 yaşdan aşağı uşaqların məlumatlarını valideyn icazəsi olmadan topladığı iddia edilirdi.
Şirkət isə razılaşmaya getməsinə baxmayaraq, irəli sürülən ittihamları qəbul etmədiyini açıqlayıb. “Meta” daha əvvəl gənc istifadəçilərin təhlükəsizliyi ilə bağlı tədbirləri mütəmadi gücləndirdiyini və ştatların tələb etdiyi kompensasiyanın həddindən artıq olduğunu bildirmişdi.

