Xəbər Yerində “Globalinfo.az”a istinadən xəbər verir ki, Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı 19 hərbçi Xəzər dənizinə sürüklənib.
Hadisənin sentyabrın 24-də təlim-məşq tapşırığının icrası zamanı baş verdiyi bildirilib.
Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sahil ərazisində hava şəraitinin qəfil dəyişməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə aparılıb.
9 hərbçinin öldüyü açıqlanıb
Nazirliyin ilkin məlumatına əsasən, hadisə nəticəsində 9 hərbçi həyatını itirib.
Daha 3 hərbçinin xilas edildiyi bildirilib. Onlardan biri tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı axtarış-xilasetmə tədbirlərinin davam etdirildiyi qeyd olunub.
“3-ü sağdır, 10 nəfərin meyiti tapılıb”
Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov isə “Globalinfo.az”a açıqlamasında hadisə ilə bağlı daha fərqli məlumat səsləndirib.
Onun sözlərinə görə, 19 hərbçidən 3-ü sağdır, 10 nəfərin meyiti tapılıb, 6 hərbçinin taleyi barədə isə hələlik məlumat yoxdur.
Şəmsəddin Hüseynov Qazaxıstanda yaşayan azərbaycanlılara müraciət edərək hadisə ilə əlaqədar yerli əhaliyə dəstək göstərməyə çağırıb.
O, su və ərzaq aparılmasının vacibliyini bildirib və azərbaycanlıların belə məqamlarda Qazaxıstan xalqının yanında olduğunu vurğulayıb.
Hadisənin dəqiq səbəbləri və itkin düşən hərbçilərin taleyi ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.
Qeyd edək ki, daha əvvəl Özbəkistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana gəlib. Onların iştirakı ilə “Birliyin gücü – 2026” adlı birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

