Prezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, dövlət başçısına hər iki binada yaradılması nəzərdə tutulan şərait barədə məlumat verilib.
Kitabxana eyni vaxtda 1100 tələbəyə xidmət göstərəcək
Bildirilib ki, Qarabağ Universitetinin kitabxanası tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxışın genişləndirilməsi baxımından mühüm infrastruktur obyekti olacaq.
Dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının yaradılması planlaşdırılır. Burada fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün xüsusi məkanlar da olacaq.
Kitabxana tələbə və əməkdaşların informasiya ehtiyaclarını qarşılamaqla yanaşı, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, professor-müəllim heyətinin elmi fəaliyyətinə dəstək verəcək.
Müəssisə yalnız universitetin deyil, həm də region ictimaiyyətinin informasiya mənbəyinə çevriləcək. Burada elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqi, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
İnnovasiya Mərkəzi Qarabağda sahibkarlığın inkişafına töhfə verəcək
Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktikada tətbiqi, müasir texnologiyaların və yeni ideyaların dəstəklənməsi məqsədilə yaradılır.
Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problemləri həll etmək bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, eləcə də universitetlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Bununla yanaşı, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması, Qarabağın sosial-iqtisadi inkişafına töhfə verəcək layihələrin dəstəklənməsi və universitetlə dövlət qurumları, özəl sektor arasında əməkdaşlığın qurulması da mərkəzin əsas fəaliyyət istiqamətlərindən olacaq.
Yeni mərkəzin elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, regionda texnoloji inkişafın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verməsi gözlənilir.









