Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı törədilən təxribatı pisləyib.
XİN-in yaydığı bəyanatda bildirilib ki, bu gün günorta saatlarında Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Nazirlik hadisəni qəbuledilməz təxribat kimi qiymətləndirib. Qeyd olunub ki, insident Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə və son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsi ola bilər.
XİN Rusiyaya çağırış etdi
Azərbaycan tərəfi Rusiyanın aidiyyəti qurumlarını hadisəyə hüquqi qiymət verməyə, insidenti hərtərəfli araşdırmağa və bu cür təxribatların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.
XİN həmçinin Rusiyanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq Azərbaycan səfirliyinin və əməkdaşlarının təhlükəsizliyini təmin etməsini gözlədiyini bildirib.
Nazirlik diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatın qarşısının alınmasının vacibliyini vurğulayıb.

