Xocalı rayonunda vəhşi ayının yaşayış evinin həyətyanı sahəsinə daxil olması sakinlər arasında narahatlıq yaradıb.
Xeberyerinde-nin Manşet.az-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Badara kəndində qeydə alınıb.
Məlumata əsasən, ayı kənd sakini Elgün Piriyevə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub. Heyvan əvvəlcə həyətdəki əl-üz yuma yerinin yaxınlığına gəlib, it üçün qoyulmuş yemi yedikdən sonra su içərək ərazidən uzaqlaşıb.
Baş verənlər ev sahibi tərəfindən mobil telefonla lentə alınıb. Kadrlardan ayının bir ayağının olmadığı görünür.
Kənd sakinlərinin ehtimalına görə, vəhşi heyvan ayağını mina partlayışı nəticəsində itirmiş ola bilər. Bu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

