Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Yaponiyada populyarlıq qazanan “Vivant” serialının çəkiliş məkanlarını görmək istəyən turistlər üçün Azərbaycana xüsusi turlar təşkil olunur.
2026-cı ilin noyabr ayının sonundan 2027-ci ilin oktyabr ayına qədər planlaşdırılan səfərlərə artıq böyük maraq var. Bəzi turlar üçün gözləmə siyahıları da formalaşıb.
“The Japan Times”ın məlumatına görə, səfər proqramını “Hankyu Travel International” turoperatoru serialın istehsalçısı olan “Tokyo Broadcasting System Television” teleşirkəti ilə birgə hazırlayıb.
Turoperatorun nümayəndəsi bildirib ki, “Vivant” serialı sayəsində yapon turistlər Azərbaycana səfərləri aktiv şəkildə bron edirlər. Şirkət turist yerlərinin sayını artırmaq imkanını da nəzərdən keçirir.
Yapon turistlərin Bakıda ziyarət etdiyi məkanlar
Serialın pərəstişkarları artıq Bakıya gələrək çəkilişlərin aparıldığı məkanları ziyarət edirlər.
Onların diqqət göstərdiyi yerlərdən biri Şirvanşahlar Sarayıdır. Saray kompleksinin ərazisində yerləşən hamam xarabalıqlarında hadisələri Qüdsdə cərəyan edən səhnələr lentə alınıb.
Turistlərin üz tutduğu digər məkan isə Bakıdakı “Bukinist” kitab mağazasıdır. Serialın süjetinə görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin tərkibində fəaliyyət göstərdiyi ehtimal olunan məxfi kəşfiyyat bölməsi – “Beppan”ın bazası burada yerləşir.
Mağazanın müdiri Yaponiyadan gələn qonaqların hər gün buraya baş çəkdiyini bildirib.
Serial Azərbaycanla Yaponiya arasında turizmi inkişaf etdirə bilər
Azərbaycan Kino Agentliyinin rəhbəri Rəşad Əzizov hesab edir ki, serial iki ölkə arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verə bilər.
O, Yaponiyadan daha çox turistin Azərbaycanın tarixi abidələrini görmək, memarlığı ilə tanış olmaq və milli mətbəximizin təamlarını dadmaq üçün ölkəmizə səfər edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, rejissor Katsuo Fukuzavanın çəkdiyi “Vivant” serialı triller, döyüş və detektiv janrlarını birləşdirir. 2023-cü ildə yayımlanan ilk mövsümün çəkilişləri Yaponiya, Monqolustan və digər məkanlarda aparılıb.
2026-cı ildə ekranlara çıxan ikinci mövsümdə isə hadisələrin və çəkilişlərin böyük hissəsi Azərbaycanda, xüsusilə Bakıda baş tutub.

