Yaponiyada məktəblilərin intiharında antirekord

Yaponiyada məktəblilərin intiharında antirekord

Xəbər Yerində xəbər verir ki, Yaponiyada 2025-ci il ərzində intiharların ümumi sayı son onilliklərin ən aşağı göstəricisinə düşüb. Lakin uşaqlar və yeniyetmələr arasında vəziyyət əksinə dəyişib və bu kateqoriyada rekord say qeydə alınıb.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ölkədə intiharların qarşısının alınması istiqamətində görülən tədbirlərə baxmayaraq, məktəblilər arasında göstəricinin yüksəlməsi ciddi narahatlıq doğurur.

Səhiyyə Nazirliyinin statistikasına əsasən, ötən il Yaponiyada 19 188 intihar qeydə alınıb. Bu, 1980-ci ildən etibarən statistikanın aparıldığı dövrdə ilk dəfə göstəricinin 20 min nəfərdən aşağı düşməsi deməkdir.

Bununla yanaşı, 18 yaşadək şəxslər arasında intiharların sayı ikinci il ardıcıl artaraq 1 082-yə çatıb. İbtidai, orta və yuxarı sinif şagirdləri arasında isə 538 intihar qeydə alınıb ki, bu da indiyədək ən yüksək göstəricidir.

Minoru Kihara bildirib ki, hökumət psixi sağlamlıq və sosial müdafiə xidmətlərinin genişləndirilməsi, eləcə də ehtiyacı olan uşaqların erkən müəyyənləşdirilməsi istiqamətində tədbirləri gücləndirir.

Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələr üzərindən məsləhət xidmətlərinin genişləndirilməsi və risk qrupunda olan uşaqlara qabaqlayıcı dəstəyin artırılması nəzərdə tutulur.

Baş katib hökumətin əsas məqsədinin insanların intihara sürüklənmədiyi bir cəmiyyət formalaşdırmaq olduğunu vurğulayıb.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir