Yasamaldakı partlayışla bağlı acı xəbər: Ölənlərin sayı üçə çatdı
Bakının Yasamal rayonunda baş vermiş partlayışla bağlı yeni məlumat açıqlanıb.
TƏBİB APA-nın sorğusuna cavab olaraq bildirib ki, iyulun 4-də Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayış zamanı xəsarət alan 2011-ci il təvəllüdlü qızın müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzində davam etdirilir. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, həkimlərin göstərdiyi intensiv tibbi yardıma baxmayaraq, 1984-cü il təvəllüdlü kişi və 1990-cı il təvəllüdlü qadının həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxsin bioloji ölümü qeydə alınıb.
Xatırladaq ki, iyulun 4-də Yasamal rayonunda yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində evin iki otağı ümumilikdə 50 kvadratmetr sahədə yanıb.
Partlayış zamanı ümumilikdə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, xilasedicilər hadisə yerindən 2010-cu il təvəllüdlü yeniyetmənin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Beləliklə, Yasamaldakı partlayış nəticəsində həyatını itirənlərin sayı üç nəfərə çatıb.

