Yuxulu sürücünün idarə etdiyi TIR qarşı zolağa keçərək aşdı

Yuxulu sürücünün idarə etdiyi TIR qarşı zolağa keçərək aşdı

Kürdəmir rayonunda sürücünün sükan arxasında yuxulaması ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, hadisə saat 02:30 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən 172-ci kilometrliyində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Mehdi Mirzəyevin idarə etdiyi MAN markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə çırpılıb, daha sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.

Yol Patrul Xidməti Alayının əməkdaşları hadisə yerini nəzarətə götürüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin ediblər.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırıb.

İdarə sürücüləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa dəvət edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir