Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.
Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından bəri Ceyhun Bayramov ilk dəfə Ukraynaya səfər edib.
Onun sözlərinə görə, Azərbaycan XİN başçısı səfərinə İrpen şəhərindən başlayaraq Azərbaycanın dəstəyi ilə bərpa olunan məktəb, xəstəxana və reabilitasiya mərkəzini ziyarət edib.
“Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlib bizi dəstəkləmək fürsəti tapdığınıza görə çox minnətdarıq. Xalqımızla həmrəy olduğunuz üçün təşəkkür edirik”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, görüş zamanı Rusiyanın Ukraynaya davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bağlaması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin yüksək səviyyəli diplomatik əlaqələr, müdafiə sahəsində əməkdaşlıq, eləcə də enerji, neft-qaz sektoru və kənd təsərrüfatı istiqamətində iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi enerji və humanitar dəstəyə görə təşəkkürünü ifadə edərək, ölkələr arasında konstruktiv dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mənbə: unikal

