Bu gün – 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Xeberyerinde xəbər verir ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal-sənədli süjetləri və “İlişdin” adlı bədii süjetin nümayişi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamına əsasən, 2 avqust Azərbaycan Kinosu Günü elan olunub və hər il ölkədə qeyd edilir.
Azərbaycan kino sənətinin inkişafında Gəncə şəhərinin də özünəməxsus yeri var. Şəhər bir sıra tanınmış aktyor, aktrisa, rejissor və operatorların vətəni olmaqla yanaşı, bir çox məşhur filmlərin çəkiliş məkanlarından biri kimi də tanınır.
Gəncədə doğulan sənətkarlar arasında Xalq artistləri Adil İsgəndərov, Şahmar Ələkbərov, Amaliya Pənahova, eləcə də Ələddin Abbasov, Əfrasiyab Məmmədov, Məmmədrza Şeyxzamanov, Kübra Əliyeva və digər tanınmış kino xadimləri yer alır. Gəncəli operator Fəraməz Məmmədov da Azərbaycan kinosunun inkişafına mühüm töhfələr verib.
Adil İsgəndərov, Şahmar Ələkbərov və Əfrasiyab Məmmədov aktyorluqla yanaşı, uğurlu rejissor fəaliyyəti ilə də yadda qalıblar. Adil İsgəndərovun ekranlaşdırdığı “Əhməd haradadır?” filmi vaxtilə SSRİ məkanında ən çox izlənilən və böyük gəlir gətirən ekran əsərlərindən biri olub. Şahmar Ələkbərov isə çəkdiyi filmlərə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

