Norveç kralı Harald V 89 yaşında vəfat edib.
Xəbər Yerində xəbər verir ki, Norveç Kral Sarayının məlumatına görə, monarx avqustun 28-də yerli vaxtla saat 06:35-də Oslo Universitet Xəstəxanasında dünyasını dəyişib. Kralın ölümündən sonra sarayın üzərindəki bayraq yarıya endirilib.
Haraldın vəfatından əvvəlki saatlarda kral ailəsinin üzvləri xəstəxanada onun yanında olublar. Paytaxt sakinləri isə sarayın qarşısına gül dəstələri qoyaraq mərhum krala ehtiramlarını bildiriblər.
Haraldın yerinə oğlu keçdi
Harald V-nin ölümü ilə Norveç taxtına onun oğlu Haakon keçib. Yeni kralın adı Haakon VIII olacaq. O, hakimiyyətə atasının vəfat etdiyi andan etibarən gəlib və ilk rəsmi çıxışında atasının, babasının və ulu babasının istifadə etdiyi “Hər şey Norveç üçün” şüarını davam etdirəcəyini bildirib.
Harald V 1991-ci ildə atası Kral Olav V-nin ölümündən sonra taxta çıxmışdı və 35 ildən çox Norveç monarxiyasına rəhbərlik edib.
“Xalqın kralı” kimi tanınırdı
1937-ci il fevralın 21-də Oslo yaxınlığındakı Skaugum malikanəsində anadan olan Harald İkinci Dünya müharibəsi illərində Norveçin nasist Almaniyası tərəfindən işğalı səbəbilə ailəsi ilə birlikdə ABŞ-a sığınmışdı.
Müharibədən sonra Norveçə qayıdan Harald təhsilini və hərbi xidmətini başa vurub. 1957-ci ildə vəliəhd elan edilib.
Haraldın Sonja Haraldsenlə münasibəti də uzun müddət kral ailəsinin gündəmində olub. İş adamının qızı olan Sonja ilə evlənməsinə əvvəlcə qarşı çıxılsa da, Harald bu münasibətdən imtina etməyəcəyini bildirib. Nəticədə cütlük 29 avqust 1968-ci ildə Oslo Katedralında nikah bağlayıb.
Kral Harald monarxiyanın müasirləşdirilməsi və ənənəvi qaydaların yumşaldılması ilə seçilib. Sadə və təvazökar həyat tərzinə görə norveçlilər arasında böyük rəğbət qazanıb və “Xalqın kralı” kimi tanınıb.
2011-ci ildə Oslo və Utoya adasında baş verən terror hücumlarından sonra xalqa müraciət edən Harald norveçliləri qorxuya təslim olmamağa və bir-birlərinə dəstək göstərməyə çağırıb.
İdmanla da yaxından maraqlanan Harald uğurlu yelkənçi olub və Norveçi üç dəfə Olimpiya Oyunlarında təmsil edib.

