“Sabah” klubu heyətini braziliyalı hücumçu Karlos Eduardo ilə gücləndirib.
24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan birillik icarə əsasında Bakı təmsilçisinə keçib. Razılaşmada “Sabah”a oyunçunun transfer hüquqlarını birdəfəlik əldə etmək imkanı verən satınalma bəndi də nəzərdə tutulub.
Karlos Eduardo peşəkar karyerasına Braziliyanın “Bruske” klubunda başlayıb. O, 2020-ci ildə bu komandanın formasını geyinib. Ardınca Portuqaliyaya yollanan hücumçu “Nasional”ın U-19 komandasında çıxış edib.
2021-ci ildən 2024-cü ilə qədər “Maritimu”nun həm ikinci, həm də əsas komandasında oynayan braziliyalı forvard daha sonra “Felqeyraş”ın futbolçusu olub. 2024-2025-ci illərdə həmin klubun şərəfini qoruyub.
Beləliklə, Karlos Eduardo karyerasını Portuqaliya və Braziliya klublarında davam etdirib, indi isə Azərbaycanda çıxış edəcək.

