Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində iki gənc dənizdə boğulub. Hadisə nəzarətsiz ərazidə baş verib.
Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, dənizdə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə və Elmin Elman oğlu Əmrəliyevin meyitləri tapılıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılan axtarışlar nəticəsində hər iki gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı üç qrup yoldaşının birlikdə çimərliyə getdiyi bildirilmişdi. Onlardan Elmin Əmrəliyev və Əlipaşa Əlizadə dənizə daxil olduqdan sonra gözdən itiblər. Onların batdığını görən digər qrup yoldaşı isə hadisə barədə aidiyyəti qurumlara məlumat verib.
Məlumata görə, hər iki gənc tələbə olub. Onların Milli Aviasiya Akademiyasının 2-ci kursunda təhsil aldığı bildirilir.
Yaxınlarının sözlərinə görə, gənclər hadisədən təxminən bir həftə əvvəl eyni yataqxanada qalmağa başlayıblar. Onlardan birinin Bərdə rayonundan olduğu qeyd olunur.


