MMA döyüşçüsünün Qaradağdakı qəzada ölən qohumları ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT
Xəbər Yerində R Tv-yə istinadən xəbər verir ki, oktyabrın 7-də Bakının Qaradağ rayonunda yük maşınının aşması nəticəsində dörd nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Qəzada həlak olan şəxslərin tanınmış MMA döyüşçüsü, əməkdar idman ustası Elçin Hüseynovun qohumları olduğu üzə çıxıb.
İdmançının sözlərinə görə, hadisə zamanı həyatını itirən İzahat Məmməyev və Vüqar Hüseynov onun xalası və dayısı oğlanları, Xudayar Səmədov və Rahib İsfəndiyarov isə atasının əmisi oğlanları olub.
Qəzanın dəhşətli təfərrüatlarını açıqlayıb
Elçin Hüseynov bildirib ki, hadisə barədə ona məşq zamanı məlumat verilib. Yaxınları zəng edərək kəndlərində ağır qəza baş verdiyini və dörd qohumunun həyatını itirdiyini bildiriblər.
Onun sözlərinə görə, Malıbəyazər kəndindən Bakıya, Bakı-Ələt avtomobil yolu ilə hərəkət edən yük maşını aşıb. Nəticədə yol kənarındakı dəmir maneə avtomobilin içərisinə təxminən 35-40 metr məsafədə daxil olub.
İdmançı qəzanın son dərəcə ağır nəticələrə səbəb olduğunu, qurbanların ciddi bədən xəsarətləri aldığını və hadisənin ailələri üçün böyük faciəyə çevrildiyini deyib.
Həlak olanlardan birinin azyaşlı övladı yetim qalıb
Elçin Hüseynovun sözlərinə görə, qəza qurbanlarından Xudayar Səmədovun həyat yoldaşı təxminən 1-2 il əvvəl ağır xəstəlikdən vəfat edib. Onların bir azyaşlı övladı var.
Beləliklə, atasını da itirən uşaq hər iki valideynsiz qalıb.
Qələbəsini həlak olan qohumlarına həsr edib
MMA döyüşçüsü bildirib ki, oktyabrın 26-da Tiflisdə keçirilən yarışda qələbə qazanacağı təqdirdə döyüşünü dünyasını dəyişən qohumlarına həsr etməyi qarşısına məqsəd qoyub.
Qalib gəldikdən sonra mikrofonu götürərək qələbəsini Laçın rayonunun Kamallı kəndindən olan dörd qohumunun xatirəsinə həsr etdiyini açıqlayıb.
Elçin Hüseynov bu itkinin onun üçün çox ağır olduğunu bildirərək həlak olanlara Allahdan rəhmət diləyib.

