20 nəfər zəhərləndi, restoran sahibi ilə müştərilər arasında dava düşdü – VİDEO

20 nəfər zəhərləndi, restoran sahibi ilə müştərilər arasında dava düşdü – VİDEO

Bakının Nizami rayonunda yerləşən “Qızılqayı” restoranında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə zamanı 20 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət etdiyi bildirilir.

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsi 131 ünvanında yerləşən restoranda qeydə alınıb.

Məlumata görə, təxminən 50 nəfər restoranda yığıncaq təşkil edib. İştirakçıların sözlərinə görə, yemək zamanı, xüsusilə kabab və toyuq təqdim edildikdən sonra bir neçə nəfərin halı qəfil pisləşib.

Zəhərlənən şəxslər təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanaya çatdırılıblar. İştirakçılardan biri bildirib ki, yeməklərin keyfiyyətindən şübhələniblər və vəziyyətlə bağlı restoranın administratoruna iradlarını bildiriblər. Lakin onların iddiasına görə, restoran rəhbərliyi əvvəlcə hər hansı problemin olmadığını deyib.

Hadisədən sonra müştərilərlə restoran sahibi arasında mübahisə yaşanıb. Zəhərlənən şəxslərdən biri restoran sahibinin onlarla kobud davrandığını və hətta qonaqlardan birinə əl qaldırdığını iddia edib.

1500 manatlıq hesab ətrafında qalmaqal

Hadisənin diqqət çəkən məqamlarından biri isə 1500 manatlıq hesabla bağlı yaranan mübahisə olub. Müştərilərin sözlərinə görə, restoranda təxminən 50 nəfər olublar və hesab 1500 manat təşkil edib.

Restoran tərəfi isə müştərilərin hesabı ödəmək istəmədiyini iddia edib. Tərəflər arasında hesabın ödənilməsi və zəhərlənmə ilə bağlı qarşılıqlı ittihamlar səsləndirilib.

Restoran sahibi müştərilərin hadisəni planlı şəkildə təşkil etdiyini və hesabı ödəməmək üçün belə bir vəziyyət yaratdıqlarını iddia edib. Müştərilər isə zəhərlənmənin məhz restoranda təqdim olunan yeməklərdən qaynaqlandığını bildiriblər.

Dörd nəfər xəstəxanaya yerləşdirilib

TƏBİB-dən verilən məlumata görə, hadisə ilə bağlı çağırış ünvanına üç təcili tibbi yardım briqadası göndərilib. Zəhərlənmə şübhəsi ilə dörd qadın Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanaya hospitalizasiya olunub.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, restoranda istifadə olunan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. Laborator müayinələrin nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir