Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 07:40 radələrində Binə Savxoz ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi “Hyundai” markalı, 88-BS-435 dövlət qeydiyyat nişanlı avtobus Binə qəsəbəsində 160 nömrəli marşrut xətti üzrə hərəkət edən “ISUZU” markalı, 77-JD-305 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
TƏBİB-in məlumatına görə, hadisə nəticəsində saat 08:00-dan etibarən 22 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) isə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Kliniki Tibbi Mərkəzdə yaralılara müxtəlif bədən travmaları diaqnozu qoyularaq zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil olan pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində isə yaralılara baş, bədən və ətraf travmaları, həmçinin sınıqlar diaqnozu ilə tibbi yardım göstərilib. 1972-ci il təvəllüdlü bir qadının vəziyyəti orta ağır qiymətləndirilir və onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfər isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Mənbə: Qafqazinfo

