Türkiyənin Antalya vilayətindəki Adrasan sahillərində lövbərdə olan “Mustafa Bey” adlı tur gəmisi qəfil alovlara bürünüb.
Sahildən görünən alovlar qısa müddətdə bütün gəmini əhatə edib. Gəmi sahildən xeyli aralıda olduğu üçün yanğınsöndürənlər hadisəyə müdaxilə edə bilməyib. Əraziyə cəlb olunan Sahil Mühafizəsi əməkdaşları alovun bürüdüyü gəmidə heç kimin olmadığını müəyyən ediblər.
Məlumata görə, Gürcan Çetinerə məxsus olan tur gəmisi uzun müddətdir istismarda olmayıb və Kargıcak körfəzində lövbərdə saxlanılırdı.
Yanğın nəticəsində gəmi tamamilə yararsız vəziyyətə düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil və bununla bağlı araşdırma aparılır.

