Səfərbərlik Xidmətində rüşvət işi: 3 nəfər hakim qarşısına çıxacaq

Səfərbərlik Xidmətində rüşvət işi: 3 nəfər hakim qarşısına çıxacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı aparılan cinayət işi üzrə istintaq başa çatıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev və həmin bölmənin zabiti Taleh İsmayılovun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq və əməliyyat-axtarış tədbirləri zamanı təqsirləndirilən şəxslərin 2025–2026-cı illərdə xidməti vəzifələrini icra edərkən qanunsuz hərəkətlərə yol verdikləri müəyyən olunub.

İstintaqla onların xaricdə təhsil bəhanəsi ilə hüquqi əsas olmadan hərbi xidmətə çağırışdan möhlət hüququ vermələri, bəzi şəxslərə ölkədən çıxış məhdudiyyətinin tətbiq edilməməsini təmin etmələri, əvvəllər hərbi xidmətdən azad olunmuş şəxsin təkrar tibbi müayinədən yayındırılmasına şərait yaratmaları və digər məqsədlərlə müxtəlif şəxslərdən təkrarən müxtəlif məbləğlərdə rüşvət tələb edib almalarına əsaslı şübhələrin yarandığı müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onların barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə onlar qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir