ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Bite of Seattle” yemək festivalı zamanı baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Hadisə yerli vaxtla saat 18:00 radələrində şəhərin məşhur Space Needle müşahidə qülləsinin yaxınlığında baş verib. Bu barədə Sietl Yanğınsöndürmə Departamentinin sözçüsü Qreys Nunes məlumat verib.
Xeberyerinde-nin Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, iki nəfər hadisə yerində həyatını itirib. Yaralanan beş nəfərdən birinin vəziyyəti ağırdır. Onlar təcili olaraq Harborview Tibb Mərkəzinə çatdırılıblar.
Xəstəxananın sözçüsü Syuzan Qreqq bildirib ki, zərərçəkənlər əsasən qol, qarın və ayaq nahiyələrindən güllə yaraları alıblar və hazırda müalicələri davam etdirilir.
Hadisədən sonra əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib, festival məkanı boşaldılıb və təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumu törədən şəxsin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, yerli polisə dəstək məqsədilə ştatın xüsusi təyinatlı qüvvələri hadisə yerinə göndərilib.
Qeyd edək ki, 1982-ci ildən keçirilən və üç gün davam edən “Bite of Seattle” festivalına hər il təxminən 350 min nəfər qatılır.

