Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dövlətə məxsus “Aqrarkredit” QSC-dən ayrılmış kreditlərin mənimsənilməsi ilə bağlı istintaqı davam etdirir.
Əldə olunan məlumata görə, qurumun Kreditlərin təşkili və idarə edilməsi departamentinin sabiq müdiri Vüqar Yaqubov həbs edilib. İstintaqın iddiasına əsasən, o, bir qrup sahibkarla əlbir olaraq kredit rəsmiləşdirilməsi adı altında 24 milyon manat vəsaiti mənimsəyib. Bildirilir ki, həmin pullar kənd təsərrüfatının inkişafına deyil, şəxsi və digər məqsədlərə sərf olunub.
Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaqın versiyasına görə, sözügedən qanunsuz əməllər 2019–2025-ci illəri əhatə edir. Araşdırmalar davam edir və dövlətə dəymiş ziyanın vurulmasında başqa şəxslərin də iştirak etdiyi istisna edilmir.
Mənbə: Qafqazinfo

