Avropa əhalisinə fövqəladə çağırış: Dünya böyük təhlükəyə hazırlaşır?

Avropa əhalisinə fövqəladə çağırış: Dünya böyük təhlükəyə hazırlaşır?

Dünyanın bir sıra aparıcı ölkələrində əhalinin fövqəladə vəziyyətlərə hazırlanması, ərzaq və su ehtiyatı toplamaq, sığınacaqların yerini və təxliyə qaydalarını öyrənmək barədə çağırışların edilməsi qlobal təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan hərbi jurnalist Səxavət Məmməd dünyada baş verən hərbi-siyasi proseslərin təhlükəsizlik risklərini artırdığını bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin əhalini mümkün böhran ssenarilərinə hazırlaması ilk növbədə Rusiya-Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdəki gərginlik və qlobal iqtisadi böhranla əlaqəlidir.

Avropada təhlükəsizlik narahatlığı artır

Hərbi jurnalist qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam etməsi Avropa ölkələrində ciddi sosial-iqtisadi problemlərə səbəb olub. Ukraynaya hərbi və maliyyə yardımlarının göstərilməsi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, enerji təchizatında yaranan çətinliklər və hərbi xərclərin artırılması Avropa dövlətlərinin iqtisadi yükünü ağırlaşdırıb.

S.Məmmədin fikrincə, hərbi büdcələrin artırılması fonunda sosial xərclərin azaldılması, məhsulların və yanacağın bahalaşması, əhalinin rifah səviyyəsinin aşağı düşməsi kimi problemlər meydana çıxıb.

O əlavə edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hərbi qarşıdurmalar və Hörmüz boğazı ilə bağlı risklər də qlobal enerji bazarına ciddi təsir göstərir.

Jurnalist hesab edir ki, indiki mərhələdə Avropa ölkələri təhlükəsizlik məsələlərində yalnız ABŞ-a arxalanmağın kifayət etmədiyini anlayır və öz müdafiə imkanlarını gücləndirməyə çalışırlar.

Nüvə təhlükəsi və yeni müharibə ssenariləri

Səxavət Məmməd Avropa İttifaqının və ayrı-ayrı ölkələrin vətəndaşlara bir neçə günlük ərzaq və su ehtiyatı toplamaqla bağlı tövsiyələr verməsinə də diqqət çəkib.

Onun sözlərinə görə, bəzi ölkələrdə üç, yeddi, digərlərində isə 10 günlük ehtiyatın hazırlanması tövsiyə olunur. Bu çağırışlar mümkün böhranların miqyası ilə bağlı suallar yaradır.

Hərbi jurnalist nüvə təhlükəsinin də diqqətdən kənarda qalmamalı olduğunu bildirib. O, əvvəlki dünya müharibələri ərəfəsində mövcud olan siyasi və iqtisadi böhranlarla indiki vəziyyət arasında müəyyən oxşarlıqlar gördüyünü söyləyib.

S.Məmmədin fikrincə, müasir dövrdə mümkün böyük müharibə əvvəlkilərdən fərqlənə, daha çox proksi qüvvələr və məsafədən idarə olunan vasitələr üzərindən aparıla bilər. O, müasir müharibələrin çox böyük maliyyə tələb etdiyini və dövlətlərin belə qarşıdurmaları uzun müddət davam etdirmək imkanlarının məhdud olduğunu vurğulayıb.

Cənubi Qafqaz da təhlükələrdən sığortalanmayıb

Regiondakı vəziyyəti şərh edən jurnalist bildirib ki, Cənubi Qafqaz həm Yaxın Şərqə yaxınlığı, həm də Avropa ilə Asiyanın qovşağında yerləşməsi baxımından təhlükəsizlik risklərinə həssas bölgədir.

Onun sözlərinə görə, Azərbaycanın cənub qonşusu İranın, şimal qonşusu Rusiyanın müharibə və hərbi qarşıdurmalarla əlaqəli proseslərin içində olması region ölkələrinin təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasını zəruri edir.

S.Məmməd Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyü və suverenliyini bərpa etməsini də xatırladıb. O hesab edir ki, bu məsələlərin vaxtında həll edilməsi ölkənin gələcək təhlükəsizlik riskləri ilə üzləşməsinin qarşısını alan mühüm amillərdən olub.

Kiber və informasiya müharibəsi əsas təhdidlərdəndir

Hərbi jurnalist müasir dövrdə təhlükələrin yalnız ənənəvi silahlı hücumlarla məhdudlaşmadığını da vurğulayıb.

O bildirib ki, bank sistemlərinin bloklanması, elektrik stansiyalarına kiberhücumlar, internet və kommunikasiya xətlərinin sıradan çıxarılması da ciddi təhlükəsizlik problemləri yarada bilər.

S.Məmmədin fikrincə, informasiya müharibəsi də gələcək qarşıdurmaların əsas istiqamətlərindən biri olacaq. Buna görə Azərbaycanın həm kibertəhlükəsizlik, həm də informasiya təhlükəsizliyi sahəsində hazırlıqlı olması vacibdir.

Jurnalist əlavə edib ki, müasir təhdidlərin mənbəyini müəyyənləşdirmək heç də həmişə asan olmayacaq. Bu baxımdan cəmiyyətin də informasiya təhlükəsizliyi məsələlərində diqqətli davranması, sosial şəbəkələrdə yayılan məlumatları düzgün qiymətləndirməsi önəmlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir