Azərbaycanda ilk dəfə kriptovalyuta dövlətə müsadirə edildi – Məhkəmə hökmü

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlətə müsadirə edildi – Məhkəmə hökmü

DTX tərəfindən saxlanılan B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz şəkildə Azərbaycan ərazisinə gətirilməsi və ya ölkədən xaricə çıxarılmasının təşkilində təqsirli biliniblər.

B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum edilib.

Məhkəmənin qərarı ilə istintaq zamanı üzərinə həbs qoyulmuş “Binance” hesabında saxlanılan 830 ədəd kriptovalyuta da dövlət nəfinə müsadirə olunub.

Bu, Azərbaycanda kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə bağlı məhkəmə təcrübəsində ilk hal kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan vasitələrin və cinayət yolu ilə əldə edilmiş əmlakın məcburi və əvəzsiz şəkildə dövlətə keçirilməsini nəzərdə tutur. Qanunda virtual aktivlər də cinayət yolu ilə əldə edilmiş əmlak anlayışına daxil edilir.

Kriptovalyutanın müsadirəsinin praktiki icra mexanizmi həm Azərbaycan, həm də qlobal miqyasda nisbətən yeni istiqamət hesab olunur. Hazırda Azərbaycanda virtual aktivlərin və kriptovalyuta bazarının hüquqi tənzimlənməsi ilə bağlı qanunvericilik üzərində iş aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir