Xəbər Yerində xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmayıllı rayon sakini Coşqun Rzayevə hökm oxunub.
1993-cü il təvəllüdlü C.Rzayev əvvəllər də dələduzluğa görə məhkum edilib. O, 2022-ci ildə cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa buraxılıb. Lakin bundan sonra yenidən oxşar cinayət törədib.
Məhkəmədə məlum olub ki, o, Bakıda tanış olduğu qadına həbsdə olan oğlunu azadlığa çıxaracağı barədə yalan vəd verərək ondan 45 min manata yaxın pul alıb.
Bundan başqa, C.Rzayev qadının Rusiyada-Ukraynada müharibəsində iştirak edən qardaşını Azərbaycana gətirə biləcəyini deyərək daha 7 min manat əldə edib.
Zərərçəkmiş qadın aldadıldığını anladıqdan sonra polisə müraciət edib və C.Rzayev saxlanılıb.
Qadın məhkəmədə bildirib ki, onu təqsirləndirilən şəxslə Taleh adlı hərbçi tanış edib. Onun sözlərinə görə, C.Rzayevin müxtəlif şəxslərlə əlaqələrinin olduğunu görməsi ona inanmasına səbəb olub.
C.Rzayev məhkəmədə ittihamı qəbul edib və dələduzluq etdiyini etiraf edib. O, aldığı pulları geri qaytarmadığını, lakin gələcəkdə ödəyə biləcəyini bildirib.
Məhkəmənin hökmü ilə 33 yaşlı Coşqun Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

