Azərbaycan badmintonçuları Bakıda keçirilən “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirində uğurlu nəticə göstəriblər.
“Xeber Yerinde” “Report”a istinadən xəbər verir ki, ilk dəfə “Junior International Series” statusunda təşkil olunan yarışda 9 ölkədən 64 idmançı iştirak edib. Azərbaycan təmsilçiləri turniri 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Kişilərin qoşa yarışında Ülvi Hüseynov və Əmirxan İmanov tandemi finalda ABŞ cütlüyünü 2:0 hesabı ilə (21:16, 23:21) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov gümüş medal qazanıb.
Qarışıq qoşa yarışında Əmirxan İmanov və Yağmur Quliyeva cütlüyü isə turniri üçüncü pillədə tamamlayıb.
Yarışın ümumi mükafat fondu 5 min ABŞ dolları, yəni təxminən 8 500 manat təşkil edib.
Qeyd edək ki, Dünya Badminton Federasiyasının rəsmi təqvimində yer alan turnirin əsas məqsədi gənc idmançıların beynəlxalq təcrübəsini artırmaq, onların inkişafına şərait yaratmaq və milli komanda daxilində rəqabəti gücləndirməkdir.















