Balakən rayonunda dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari yol qəzasının yeni təfərrüatları məlum olub.
Xeber Yerində xəbər verir ki, qəza bir neçə gün əvvəl Balakən rayonunda baş verib. Hadisə zamanı “Hyundai”, “Toyota” və “KİA” markalı avtomobillər toqquşub.
Məlumata görə, “Hyundai” markalı avtomobili 1997-ci il təvəllüdlü Məryəm Kamil qızı Hoorsova idarə edib. O, banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub və işə getmək üçün Katex kəndindən rayon mərkəzinə doğru hərəkət edib.
İlk avtomobilini cəmi iki ay əvvəl almışdı
Bildirilir ki, Məryəm Hoorsova avtomobili cəmi iki ay əvvəl alıbmış və bu, onun ilk avtomobili olub.
Yolda hərəkət edərkən o, marşrut avtobusu gözləyən həmkəndlisi, 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Fiziki qüsurlu Şərif Soltanovu avtomobilinə götürən Məryəm rayon istiqamətində hərəkətini davam etdirib.
İlkin məlumata görə, sürücü yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb. Bu zaman qarşı tərəfdən gələn “Toyota” markalı avtomobillə toqquşma baş verib. Ardınca “KİA” markalı avtomobil də qəza nəticəsində toqquşan nəqliyyat vasitələrinə çırpılıb.
Qəzada bir ailənin üç üzvü həyatını itirdi
Hadisə nəticəsində “Hyundai”nin sürücüsü Məryəm Hoorsova, “Toyota”da olan sərnişinlər – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər.
“Toyota”nın sürücüsü, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və Şərif Soltanov isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaşar Mütəllibovun vəziyyəti ağır olub və o, bu gün xəstəxanada dünyasını dəyişib. Bununla da qəzanın qurbanlarının sayı dördə çatıb.
Ailə qohumlarına dəvətnamə aparırmış
Qəzanın ən ağır detallarından biri isə “Toyota”da olan şəxslərin bir ailənin üzvləri olmasıdır.
Məlumata görə, Yaşar Mütəllibov və Pərvanə Məmmədova ər-arvad, Rəşad Mütəllibov isə onların oğlu olub. Ailə Balakəndən Goranboya qohumlarına toy dəvətnaməsi aparırmış.
Faciəvi şəkildə həyatını itirən Rəşad Mütəllibovun isə avqustun 28-də toyunun olacağı bildirilir.
Beləliklə, ailənin toya hazırlıq gördüyü bir vaxtda baş verən qəza onların həyatını faciəvi şəkildə dəyişib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Mənbə: Oxu.az




