Binəqədi rayonunun Şahsevənlər küçəsi, üçüncü mədən 125-ci korpusunda yaşayan sakinlər uzun müddətdir su təchizatında ciddi problemlə üzləşdiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, gün ərzində təxminən 15-16 saat ərzində su verilmir. Onların iddiasına əsasən, su səhər saat 08:00-08:30 radələrində qısa müddətə verilir, daha sonra kəsilir və yalnız gecə saat 00:00-dan sonra yenidən bərpa olunur.
Şikayətçilər qeyd edirlər ki, bu vəziyyət aylardır davam edir və xüsusilə yay mövsümündə gündəlik yaşayışlarını daha da çətinləşdirir. Onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif səbəblər göstərilsə də, problem hələ də həllini tapmayıb.
“Deyirlər ki, vəsait ayrılmayıb, təmir işləri aparılır. Amma bu təmir nə vaxta qədər davam edəcək? Demək olar ki, ilin bütün aylarında eyni problemlə üzləşirik”, – deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada isə bildirilib ki, sözügedən ərazidə su təchizatı qrafik əsasında həyata keçirilir. Qurumun məlumatına görə, həmin yaşayış massivində suyun verilməsi uzun müddətdir qrafikli rejimlə tənzimlənir və hazırda da eyni qayda tətbiq olunur.
Mənbə: Xəzərxəbər

