Bakının Xətai rayonunda avtomobil salonunda yanğın baş verib.
Xeber yerinde FHN-ə istinadən xəbər verir ki, hadisə Babək prospektində yerləşən obyektdə qeydə alınıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar.
Hadisə yerinə baxış zamanı yanğının ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli avtomobil salonunun ofis otaqlarından birində başladığı müəyyən edilib. Alovun sürətlə yayılma ehtimalının yüksək olduğu nəzərə alınaraq yanğınsöndürənlər operativ müdaxiləyə başlayıblar.
Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Alovun salonda saxlanılan avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində sahəsi 15 kvadratmetr olan otağın yanar konstruksiyaları yanıb. Bundan başqa, salonda olan “BMW” markalı avtomobilin arxa bamperi və işığı istidən deformasiya olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində obyektin böyük hissəsi, eləcə də içəridə park edilmiş digər avtomobillər yanğından qorunub.

