Xəbər Yerində xəbər verir ki, deputat Cavanşir Paşazadə qardaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin şəxsi təyyarəsinin olması barədə səsləndirilən iddialara münasibət bildirib.
Deputat Modern.az-a açıqlamasında ilahiyyatçı Elşad Mirinin məsələni gündəmə gətirməsini müsbət qiymətləndirib. O, söhbətin Türkiyədə 15 iyul hadisələri zamanı Azərbaycandan göstərilə biləcək dəstəklə bağlı olduğunu deyib.
Cavanşir Paşazadənin sözlərinə görə, həmin vaxt Şeyxülislam qardaş ölkəyə yardım göstərmək niyyətini ifadə edib və təyyarə ilə bağlı “mən təşkil edərəm” ifadəsini dəstək məqsədilə işlədib.
Deputat Şeyxülislamın şəxsi təyyarəyə sahib olması barədə iddianı isə qəbul etməyib.
“Şəxsi təyyarənin olduğunu iddia edənlər bu barədə dövlətdən məlumat ala bilərlər. Azərbaycanda dövlətə məxsus təyyarələr var və ölkədə çoxsaylı təyyarələr mövcuddur”, – deyə o bildirib.
C.Paşazadə qeyd edib ki, xarici səfərlər və beynəlxalq tədbirlər zamanı Şeyxülislamın istifadəsi üçün dövlət tərəfindən təyyarə ayrıla bilər. Onun sözlərinə görə, bu, təyyarənin şəxsi mülkiyyət olması anlamına gəlmir.
Məsələ Türkiyədə yayımlanan “Asırlık gece” sənədli filminin 6-cı bölümündən sonra gündəmə gəlib. Filmdə Türkiyə Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez 15 iyul hadisələri zamanı Azərbaycandan dini liderlərdən birinin zəng edərək 250 nəfərlə Türkiyəyə gəlməyi təklif etdiyini bildirib.
İlahiyyatçı Elşad Miri həmin görüntüləri sosial şəbəkədə paylaşaraq söhbətin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədən getdiyini iddia edib.

