Yeni tədris ilinin başlamasına az vaxt qaldığından tələbələrin kirayə mənzil axtarışı da artıb. Daxili İşlər Nazirliyi bu vəziyyətdən istifadə edən dələduzlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar.
Məlumata görə, bu şəxslər adətən mənzili münasib qiymətə təklif edir və evi “saxlamaq” adı ilə əvvəlcədən beh istəyirlər. Pul göndərildikdən sonra isə elan sahibi ilə əlaqə saxlamaq mümkün olmur, zəng və mesajlara cavab verilmir.
Nazirlik xüsusilə tələbələrə müraciət edərək mənzili görmədən, elan sahibinin kimliyini və mənzil barədə məlumatları dəqiqləşdirmədən əvvəlcədən pul göndərməməyi tövsiyə edib.
Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərlə bağlı diqqətli olmaq çağırılıb. “Təcili beh göndərin”, “başqa müştəri gözləyir” kimi ifadələrlə vətəndaşı tələsdirən şəxslərin elanlarına xüsusi şübhə ilə yanaşmaq tövsiyə olunur.
DİN belə hallarla qarşılaşan şəxsləri dərhal polisə məlumat verməyə çağırıb.

