Qətər Müdafiə Nazirliyi cümə günü səhər saatlarında ölkəyə yönəlmiş raket hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
CNN-in Dohada olan jurnalistlərinin məlumatına görə, şəhərdə güclü partlayış səsləri eşidilib.
Belə ki, mobil xəbərdarlıq mesajında təhlükə səviyyəsinin yüksəldiyi bildirilib və sakinlərə evdə, təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunub. Mesajda partlayış səslərinin səbəbi açıqlanmayıb.
Qısa müddət sonra hökumət ikinci bildiriş göndərərək təhlükənin aradan qalxdığını və vəziyyətin “normala döndüyünü” elan edib.
İran son günlər Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalara dəfələrlə zərbələr endirsə də, Qətəri hədəf almamışdı. Tehran cümə səhəri Qətərə hücum edib-etmədiyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
İranla nisbətən daha yaxşı münasibətlərə malik olan Qətər münaqişə boyunca əsas vasitəçi ölkələrdən biri kimi çıxış edib.
Bu həftənin əvvəlində isə Qətər İranın Fars körfəzi və Yaxın Şərqdəki ərəb ölkələrinə qarşı təkrarlanan hücumlarını pisləyib.
Mənbə: CNN

