FHN çimərliklərdə təhlükəsizliklə bağlı maarifləndirmə tədbirlərinə başlayıb-FOTO

FHN çimərliklərdə təhlükəsizliklə bağlı maarifləndirmə tədbirlərinə başlayıb-FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümü ilə əlaqədar çimərliklərdə istirahət edən vətəndaşlar arasında təhlükəsizlik qaydalarının təbliği məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirib.

Xeberyerinde-nin Nazirlikdən əldə etdiyi məlumata görə, tədbirlərin əsas məqsədi əhalinin sularda təhlükəsiz davranış qaydaları barədə məlumatlılığını artırmaq və boğulma halları kimi bədbəxt hadisələrin qarşısının alınmasına töhfə verməkdir.

Maarifləndirmə aksiyaları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal Regional mərkəzləri tərəfindən Bakı və Abşeron yarımadası, Sumqayıt şəhəri, eləcə də Astara və Xaçmaz rayonlarının çimərliklərində təşkil olunub.

Tədbirlər zamanı vətəndaşlara sularda təhlükəsizlik qaydaları ətraflı izah edilib, qadağanedici nişanlara əməl etməyin, xilasedicilərin göstərişlərinə riayət etməyin, sanitar-gigiyena qaydalarını gözləməyin və uşaqları nəzarətsiz buraxmamağın vacibliyi diqqətə çatdırılıb. Həmçinin zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı məlumat verilib.

Bundan əlavə, çimərliklərdə istirahət edənlərə suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün tövsiyələr təqdim olunub, maarifləndirici bukletlər paylanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir