FHN-dən əhaliyə xəbərdarlıq: Güclü külək və sel təhlükəsi

FHN-dən əhaliyə xəbərdarlıq: Güclü külək və sel təhlükəsi

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

“Xəbər Yerində” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 30-u axşam saatlarından sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Proqnoza görə, bəzi ərazilərdə intensiv yağış yağacaq, dağ çaylarından qısamüddətli sel keçəcək. Həmçinin güclü külək əsəcəyi və şimşək çaxacağı bildirilir.

FHN-dən təhlükəsizlik qaydaları

Nazirlik sel və daşqın riski olan ərazilərdən uzaq durmağı, təhlükə yarandığı halda isə dərhal yüksək əraziyə çıxmağı tövsiyə edir.

Güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalı tikililərdən, binalardan və reklam lövhələrindən uzaq dayanmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında daldalanmamaq lazımdır.

Kiçikhəcmli gəmi istifadəçilərinə də belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunub. FHN çimərliklərdə istirahət edən şəxsləri isə güclü külək zamanı dənizə girməməyə çağırıb.

Şimşək çaxarkən bunlara diqqət edin

Nazirlik ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışmaqdan çəkinməyi və açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durmağı tövsiyə edib.

Bu zaman hündür ağacların altında dayanmaq da təhlükəlidir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın keçməsini gözləmək məsləhət görülüb.

FHN bir daha bildirir ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi insan həyatı üçün ciddi risk yarada bilər.

Təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir