Gürcüstanın Kaxeti bölgəsində iki azərbaycanlı qardaşın qətlə yetirilməsi ilə bağlı cinayət işi isti izlərlə açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis və Patrul Polisi departamentlərinin əməkdaşları birgə əməliyyat keçirərək iki nəfərin qəsdən öldürülməsində şübhəli bilinən şəxsi tutublar.
Qətl əvvəlki münaqişə zəminində törədilib
Nazirliyin məlumatına görə, hadisə noyabrın 5-də Saqareco bələdiyyəsinin kəndlərindən birində baş verib. Şübhəli şəxs əvvəllər mövcud olmuş münaqişə zəminində odlu silahdan dəfələrlə atəş açaraq iki kişini yaralayıb, daha sonra hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itirib.
Polis əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəlini hadisədən qısa müddət sonra saxlayıblar. Cinayətdə istifadə edildiyi ehtimal olunan silah maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Sağ qalan qardaş hadisənin təfərrüatlarını açıqlayıb
Məlumata görə, hadisə qardaşlar qohumlarının toyuna gedərkən baş verib. İddialara əsasən, kənd sakinlərindən biri onlara pusqu quraraq atəş açıb.
Hadisədən sağ çıxan qardaşlardan biri – Elman Usubov baş verənləri danışıb. O bildirib ki, noyabrın 5-də saat 17:00 radələrində iki qardaşı və sinif yoldaşı ilə birlikdə piyada hərəkət edərkən bir avtomobil dayanıb və içəridən onlara atəş açılıb.
Usubovun sözlərinə görə, atəş səsləri eşidilən zaman avtomobilin arxasında gizlənib. Qardaşları isə dəfələrlə güllə hədəfi olub və hadisə yerində həyatlarını itiriblər.
“Dörd nəfər idik – üç qardaş və qonşumuz. Birdən avtomobil dayandı və atəş açmağa başladı. Dəfələrlə atəş açdı. Əvvəllər heç nə baş verməmişdi, aramızda münaqişə olmayıb. Qardaşlarım hadisə yerində öldülər. Polis artıq məndən ifadə alıb”, – Elman Usubov bildirib.

