Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun batdığı ehtimal olunur.
Xeberyerinde Qafqazinfoya istinadən xəbər verir ki, yeniyetmənin axtarışları hazırda da davam etdirilir.
Fəridin nənəsi bildirib ki, o, görmə məhdudiyyətli anasının yeganə övladıdır.
“Anası artıq 16 ildir görmə qabiliyyətini itirib və oğlunun üzünü görə bilmir. Fərid onun tək övladıdır. Qızımın bütün ümidi bu uşaq idi. İndi isə yalnız bir söz deyir: ‘Heç olmasa övladımın nəşini gətirin ki, son dəfə ona toxuna bilim'”, – deyə nənə bildirib.
Yeniyetmənin xalası isə hadisənin günorta saatlarında baş verdiyini söyləyib.
“Hadisə təxminən saat 16:00 radələrində baş verib. Bacımın oğlu kanalda çimərkən suya düşüb. Yanındakı uşaqlar onu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Fərid təxminən 10 dəqiqə suda qalaraq kanaldakı dəmir konstruksiyadan yapışıb. Lakin yanında olan uşaqlar azyaşlı olduqları üçün onu sudan çıxarmağa gücləri çatmayıb. Ətrafda kömək edə biləcək heç kim olmayıb. Onu nənəsi böyük zəhmətlə böyüdüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, kanalın suyunu dayandırsınlar və Fəridin nəşini taparaq ailəsinə təhvil versinlər”, – deyə o qeyd edib.

