Hindistanın Sikkim ştatının Namçi rayonunda tikilməkdə olan tunelin çökməsi nəticəsində həyatını itirənlərin sayı 8-ə çatıb.
Bu barədə Sikkim ştatının baş naziri Prem Sinq Tamang açıqlama verib.
Hadisə Namçi rayonunun Jholungey ərazisində, NHPC Teesta Stage VI Su Elektrik Layihəsi çərçivəsində inşa edilən tuneldə baş verib. İlkin məlumata əsasən, tunel torpaq sürüşməsi nəticəsində çöküb.
Qəza zamanı təxminən 27 işçi tuneldə olub. Onların bir qisminin xilas edilməsinə baxmayaraq, bir neçəsinin taleyi hələ də naməlum olaraq qalır. Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
Xilasetmə işlərini çətinləşdirən əsas amillərdən biri tuneldə toplanan qazdır. Məlumata görə, tunelə daxil olmağa çalışan bəzi xilasedicilər qazın təsirindən başgicəllənmə keçirib, hətta huşunu itiriblər. Buna görə də əməliyyatlar xüsusi təhlükəsizlik tədbirləri altında aparılır.
Mütəxəssislərin ilkin ehtimalına görə, torpaq sürüşməsi nəticəsində yeraltı geoloji layların zədələnməsi tunelə qaz sızmasına səbəb olub.
Hindistanın Baş naziri Narendra Modi Sikkim ştatının rəhbəri Prem Sinq Tamangla telefon danışığı apararaq vəziyyətlə maraqlanıb. O, mərkəzi hökumətin xilasetmə işlərinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mənbə: APA





