“Qalatasaray”dan ayrılaraq azad agent olan Mauro İkardi üçün İtaliyadan sürpriz təklif gəlib.
İtaliya mətbuatı 33 yaşlı argentinalı hücumçunun “Fiorentina”nın transfer siyahısına düşdüyünü yazıb.
“QALATASARAY”DA 77 QOL VURDU
İkardi “Qalatasaray”da 4 mövsüm keçirib. O, İstanbul klubunun heyətində 134 rəsmi oyunda 77 qol vurub.
Müqaviləsi başa çatan futbolçu hazırda azad agent statusundadır.
“FİORENTİNA” İKARDİYƏ ÜMID EDİR
“Calciomercato”nun məlumatına görə, “Fiorentina”nın əsas hücumçusu Moyze Kinin komandadan ayrılmaq ehtimalı var.
“Como”nun Kinə təxminən 40 milyon avroluq təklif hazırladığı bildirilir. Bu transfer baş tutarsa, Florensiya klubu İkardini onun əvəzləyicisi kimi nəzərdən keçirir.
Klubun idman direktoru Fabio Paraticinin argentinalı hücumçunu uzun müddətdir izlədiyi də qeyd olunur.
İkardi daha əvvəl “Latsio” və “Real Betis”in də maraq dairəsində olub. Lakin hər iki klub digər hücumçulara yönəlib.
SERİYA A-DA 121 QOL
İkardi “Fiorentina”ya keçsə, 7 ildən sonra İtaliya çempionatına qayıdacaq.
Argentinalı futbolçu İtaliyada keçirdiyi 219 liqa oyununda 121 qol vurub.

