İkiqat “Qızıl top” sahibi 75 yaşında dünyasını dəyişdi

İkiqat “Qızıl top” sahibi 75 yaşında dünyasını dəyişdi

İkiqat “Qızıl top” sahibi Kevin Kiqan 75 yaşında vəfat edib

İngiltərə futbolunun əfsanəvi simalarından, “Liverpul” və İngiltərə millisinin sabiq hücumçusu Kevin Kiqan 75 yaşında vəfat edib.

Bu barədə jurnalist Kit Dauni Kiqan ailəsinin bəyanatına istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

Ailənin açıqlamasında bildirilir: “Kevin Kiqanın 75 yaşında vəfat etdiyini böyük kədər hissi ilə bildiririk. Xərçənglə mübarizə aparan Kevin son anlarında həyat yoldaşı və qızları ilə birlikdə olub. İkiqat “Qızıl top” (Ballon d’Or) sahibi olan Kevin sevimli həyat yoldaşı, ata və baba idi.” Bir müddət əvvəl Kiqan dördüncü mərhələ xərçəng diaqnozu aldığını və müalicə olunduğunu ictimaiyyətə açıqlamışdı.

1951-ci ildə anadan olan Kevin Kiqan peşəkar karyerasına “Skantorp Yunayted”də başlayıb. O, 1971-ci ildə “Liverpul”a transfer olunaraq klub tarixinin ən yaddaqalan futbolçularından birinə çevrilib. Mersisayd təmsilçisinin heyətində 323 oyunda meydana çıxan hücumçu 100 qol vurub, üç İngiltərə çempionluğu, bir Avropa Kuboku, bir İngiltərə Kuboku və iki UEFA Kuboku qazanıb.

1977-ci ildə Almaniyanın “Hamburq” klubuna keçən Kiqan burada da parlaq çıxışı ilə yadda qalıb. O, Bundesliqa çempionu olub və ardıcıl iki il – 1978 və 1979-cu illərdə Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. Bu uğur onu İngiltərə futbol tarixinin ən böyük oyunçularından biri kimi tanıdıb.

İngiltərə millisində 63 oyun keçirən Kiqan 21 qola imza atıb və uzun müddət komandanın kapitanı olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan “Nyukasl”, “Fulhem”, “Mançester Siti” və İngiltərə milli komandasını çalışdırıb. Xüsusilə “Nyukasl”da qurduğu hücumameylli komanda futbolsevərlərin yaddaşında dərin iz buraxıb.

Kiqanın vəfatından sonra “Liverpul”, “Nyukasl”, “Hamburq” və futbol ictimaiyyətinin bir çox nümayəndələri onun ailəsinə başsağlığı verərək, əfsanəvi futbolçunun idman tarixində silinməz iz qoyduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir