Dövlət başçısı To Lamanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lama təbrik məktubu göndərib.
İlham Əliyev Vyetnamın iqtisadi inkişaf, əhalinin rifahının yüksəldilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində əldə etdiyi uğurları qeyd edib.
Əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var
Prezident Azərbaycan-Vyetnam münasibətlərinin qarşılıqlı hörmət, etimad və dostluq üzərində qurulduğunu bildirib. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfər və təmasların artmasının ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.
İlham Əliyev iqtisadi-ticari əlaqələr, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı birgə səylərlə Azərbaycan və Vyetnam arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və xalqların rifahına xidmət edəcəyinə inamını ifadə edib.
İlham Əliyev To Lamaya möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Vyetnam xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

