İranın yeni ali liderindən Körfəz ölkələrinə çağırış

İranın yeni ali liderindən Körfəz ölkələrinə çağırış

İranın ali lideri Müctəba Xamenei müsəlman ölkələrini, xüsusilə Körfəz dövlətlərini birliyə və qarşılıqlı müdafiəyə çağırıb.

“Xəbər Yerində” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Xamenei İslam Birliyi Həftəsi münasibətilə yayımladığı müraciətində müsəlman ölkələri arasında parçalanmanın onların rəqiblərinin maraqlarına xidmət etdiyini bildirib.

O, İslam ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin və qarşılıqlı müdafiənin vacibliyini vurğulayıb. Xamenei müsəlmanlar arasında parçalanma yaradan hər kəsin, bunu bilərəkdən və ya bilmədən etməsindən asılı olmayaraq, İslamın düşmənlərinə xidmət etdiyini qeyd edib.

İranın ali lideri Fələstin məsələsinə də toxunaraq, müsəlman ölkələri birləşmiş olsaydı, fələstinlilərin bu qədər köməksiz vəziyyətdə qalıb-qalmayacağını sual edib.

Körfəz ölkələrinə xüsusi mesaj

Xamenei xüsusilə Körfəz ölkələrinin rəhbərlərinə müraciət edərək onları “əsl düşməni” müəyyənləşdirməyə, onun planlarını anlamağa və buna qarşı birlikdə mübarizə aparmağa çağırıb.

O, Körfəz xalqları və hökumətləri İslam bayrağı altında birləşmiş olsaydı, “kimliyi olmayan quldurların” onların torpaqlarına və sərvətlərinə göz dikməyə cəsarət edib-etməyəcəyini də soruşub.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra Körfəz ölkələrinin monarxiyaları İranın inqilabi ideologiyasını və regiondakı təsirini öz siyasi sistemləri üçün təhlükə kimi qiymətləndirirlər.

Hazırkı qarşıdurma fonunda Tehran Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərinə, eləcə də digər infrastrukturlara zərbələr endirib. Bu isə İranla regiondakı ərəb dövlətləri arasındakı gərginliyi daha da artırıb.

Reuters-in məlumatına görə, Müctəba Xamenei altı ay əvvəl ABŞ və İsrailin hava zərbələri nəticəsində yaralanmasından sonra ictimaiyyət qarşısında görünməyib. Həmin hücumlar İran müharibəsinin başlanmasına səbəb olub və onun atası, əvvəlki ali lider Ayətullah Əli Xamenei də öldürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir