Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “İbrahim Tatlışiş” kabab evində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.
Ə.Quliyev küçəsi, ev 114 ünvanında yerləşən və fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus müəssisədə istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin olmadığı müəyyən edilib.
Müəssisədən götürülən məhsul nümunələri laboratoriyada müayinə olunarkən ətdə at DNT-si aşkarlanıb.
Yoxlama zamanı, həmçinin müəssisədə məhsulların izlənmə sisteminin tətbiq edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu üzə çıxıb.
Aşkar olunan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və o, məsuliyyətə cəlb olunub. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edək ki, bu, həmin obyektlə bağlı ilk belə hal deyil. 2025-ci ilin mayında keçirilən yoxlama zamanı da məhsullarda at DNT-si aşkarlanıb və sahibkar buna görə məsuliyyətə cəlb olunub.
Mənbə: Unikal.az

