İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçiriləcək növbəti mənzil satışlarında SİMA İmzanın biometrik identifikasiya sistemi tətbiq olunacaq.
Yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız SİMA İmzanın üztanıma funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.
Bildirilib ki, yeni yanaşma seçim prosesinin təhlükəsizliyini və şəffaflığını artırmaq, həmçinin üçüncü şəxslərin başqasının adından müraciət etməsinin qarşısını almaq məqsədi daşıyır. Biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı yalnız müraciət sahibinin iştirakı ilə həyata keçiriləcək.
Qeyd edək ki, SİMA İmza AZCON Holding-in tərkibinə daxil olan “AzInTelecom” MMC tərəfindən hazırlanmış yeni nəsil rəqəmsal imza həllidir və onu mobil tətbiq vasitəsilə xidmət mərkəzinə getmədən ödənişsiz əldə etmək mümkündür.
Mənbə: Apa

